Sığınacaq və sosial reabilitasiya mərkəzi
DinləGörmə imkanları məhdud olan şəxslərin Sosial Reabilitasiya Şöbəsi 5-29 yaşlı görmə imkanları məhdud şəxslərə tam və ya yarımstasionar reabilitasiya və abilitasiya xidmətləri göstərir. Reabilitasiya kursunun müddəti 6 aydır. Regionlarda yaşayan görmə imkanları məhdud şəxslər üçün tam stasionar (6 ay gecə-gündüz qalmaq və 3 dəfə yemək daxil olmaqla), Bakı şəhəri ərazisində yaşayan şəxslər üçün isə yarım stasionardır (saat 09:00-dan 18:00-dək, 3 dəfə yemək daxil olmaqla). Dinləyicilərin Reabilitasiya şöbəsində təqdim olunan bütün növ xidmətlərdən istifadə etmək hüquqları vardır.
Reabilitasiya və abilitasiya istiqamətləri çərçivəsində Reabilitasiya şöbəsi aşağıdakı xidmətləri təklif edir:
Tibbi reabilitasiya – çərçivəsində dinləyicilərə ali və orta ixtisaslı peşəkar tibb işçiləri tərəfindən terapevtik, nevropotoloji, oftolmoloji müayinə və müalicə, Low Vision (qalıq göz işığının qorunması və görmə itiliyinin inkişaf etdirilməsi) xidmətlərinin göstərilməsi;
Peşə reabilitasiyası- çərçivəsində kompyüter, toxuculuq, daktil vəsaitlərin hazırlanması, xalça toxunması, muncuq ilə toxuma kimi peşələrinin nəzəri və praktik olaraq öyrədilməsi;
İdman reabilitasiyası- çərçivəsində üzgüçülük təliminin keçirilməsi;
Pedaqoji reabilitasiya- çərçivəsində Brayl əlifbası, inkluziv təhsilə hazırlıq, nitq- davranış mədəniyyəti üzrə təlimlərin keçirilməsi;
Mədəniyyət və incəsənət reabilitasiyası- çərçivəsində musiqi alətlərində ifa, vokal təlimlərinin keçirilməsi;
Psixoloji reabilitasiya- çərçivəsində peşəkar psixoloq tərəfindən psixoloji baryerlərin dəf edilməsi, komplekslərin aradan qaldırılması, ünsiyyət qurma bacarıqlarının aşılanmasına dair təlimlərin keçirilməsi;
Sosial reabilitasiya- çərçivəsində tiflopedaqoqların və sosial işçilərin təlimləri (əl ağacından istifadə, səs akustikası, ayaq hissiyatının artırılması, rənglərin öyrədilməsi) vasitəsilə fəza oriyentasiyasının inkişaf etdirilməsi;
Məişət reabilitasiyası- çərçivəsində məişət avadanlıqlarından istifadə, evdarlıq və özünəxidmət qaydalarına dair təlimlərin təşkili;
Görmə imkanları məhdud olan şəxslərin sosial Reabilitasiya Şöbəsində göstərilən bütün xidmətlər tam təmənnasız olaraq dövlət vəsaiti hesabına icra olunur.
Reabilitasiya Şöbəsinə qəbul olmaq istəyən şəxslər Sosial Xidmət Agentliyinə və ya Dost Xidmətinə ərizə ilə müraciət edə bilərlər. Ərizəyə aşağıda göstərilən sənədlər əlavə olunur:
- Şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Görmə imkanları məhdud əlilliyi olan şəxslərin əlilliyini təsdiq edən Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) əlilliyin qiymətləndirilməsi barədə qərarından çıxarış;
- Yolxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə sağlamlıq haqqında tibbi arayış;
- 3x4 ölçüdə 1 ədəd fotoşəkil.
Ünvan: Bakı şəhəri, Sabunçu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı 1 kmlik/33