Gəncə regional informasiya mərkəzi
DinləHeydər Əliyev Fondunun fiziki cəhətdən qüsurlu şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirdiyi layihələrindən biri Gəncə Regional İnformasiya Mərkəzinin yaradılması idi. 2011-ci il fevralın 9-da Prezident İlham Əliyev Gəncədə Regional İnformasiya Mərkəzinin açılışında iştirak edib.
Heydər Əliyev Fondu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə yaratdıqları mərkəzdə oxu zalı, təlim-tədris mərkəzi, audio-kitabxana, kitabxana fondunun audio-formata çevrilməsi üçün səsyazma studiyası, kompüter mərkəzi vardır. Oxu zalında gözdən əlillər üçün brayl əlifbası ilə nəşr olunmuş 1000-ə yaxın kitab, habelə zəif görən insanlar üçün böyük şriftlə çap edilmiş kitablar, 4 ədəd brayl displeyi, 2 ədəd "kitab həvəskarı - kompakt" sərbəst oxuyan maşın, 2 ədəd "videolight" böyüdücü cihazı və müvafiq printer var. Mərkəzdəki kompüterlər əqli cəhətdən zəiflər üçün zehni inkişaf etdirən oyunlarla təmin edilib. Kitabxanada nitq və eşitmə problemi olanlar üçün altyazılı filmlər göstərilir. Regional İnformasiya Mərkəzinin internet saytı istifadəçilərə lazımi informasiyanı əldə etməklə yanaşı, "tanışlıq" bölməsinin köməyi ilə bir-biriləri ilə ünsiyyət qurmağa imkan yaradır. Əlil arabasının Mərkəzə daxil olması və maneəsiz hərəkət etməsi üçün hər cür şərait yaradılıb.
Mərkəzin imkanlarından Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarından və Naftalan şəhərindən olan 60 mindən çox fiziki qüsurlu insan istifadə edir.
Prezident İlham Əliyev Gəncə Regional İnformasiya Mərkəzinin açılışında