Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin “Masajçı Peşə Reabilitasiya Məktəbi”

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin “Masajçı Peşə Reabilitasiya Məktəbi”
Dinlə

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (Az.GƏC) rəhbərliyinin təşəbbüsü ilə 2006-ci ilin may ayının 19-dan “Oxfam” beynalxalq humanitar təşkilatının dəstəyi ilə  F.Yusifov - 40 saylı cəmiyyətin köhnə istehsalat binası təmir olunaraq “Masajçı Peşə Reabilitasiya Məktəbi” yenidən fəaliyyətə başlamışdır. Layihə çərçivəsində məktəbdə dərs demək üçün altı nəfər peşəkar müəllim cəlb edilmiş və 55  tələbə təhsil almışdır. Layihə çərçivəsində Masaj Məktəbini bitirmiş görmə məhdudiyyətli masajçıların özəl və dövlət müəssisələrində işləmələri üçün Səhiyyə Nazirliyindən razılıq əldə edilmişdir. Lakin sonrakı illərdə layihə çərçivəsində masaj məktəbini bitirmiş masajçıların dövlət səhiyyə müəssisələrində işləmələrinə məhdudiyyət qoyulmuşdur. 

Layihə bitdikdən sonra masaj məktəbinin davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə Az.GƏC Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət İmtahan Komissiyası ilə əməkdaşlıq yaratmışdır. Nəhayətki 2014-cü ildən etibarən Masaj Məktəbinin Bakı 1 saylı Tibb Kollecində açılmasına nail olunmuşdur. Belə ki, 1 Nömrəli Bakı Tibb Kollecində, Nazirlər Kabinetinin təsdiq etdiyi qəbul planına əsasən 2014-cü ildən gözdən əlillər üçün “İdman və müalicə masajı” şöbəsi (hal-hazırda “Müalicə masajı”) yaradılmışdır. Kollece bu ixtisas üzrə Dövlət İmtahan Komissiyasının xətti ilə I və II qrup görmə üzrə əlilliyi olan şəxs qəbul edilir.

Az.GƏC-in Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlığı nəticəsində şəxsən Oktay Şirəliyevin tapşırığı ilə Masaj məktəbini bitirən ilk 13 nəfər tələbənin hər biri dövlət səhiyyə müəssisələrində masajçı kimi fəaliyyətə başlamışdır. Masaj məktəbini bitirmiş görmə məhdudiyyətli masajçıların işə qəbulu prosesi vakansiyalara uyğun olaraq müdəmadi olaraq davam etdirilir.

Bakı 1 saylı Tibb Kollecində görmə məhdudiyyətli tələbələrin keyfiyyətli təhsil almaları üçün müyəssər şərait yaradılmış, onlar brayl, iri şrift, audio formatda hazırlanmış dərs vəsaitləri ilə təmin edilmişdir. Hal-hazırda yeni dərsliklərin nəşri planlaşdırılır. Tələbələr eyni zamanda JAWS səsli və ZOOM böyüdücü proqramları ilə təchiz edilmiş kompyuterlərlə təmin edilmişdirlər. Kollecdə görmə məhdudiyyətli tələbələr üçün bərabər imkanlar yaradılmış və məktəbin ictimai həyatında aktiv iştirakları təmin edilmişdir.

Bakı 1 nömrəli Tibb Kollecinin gözdən əlillər üçün açılmış şöbəsinin ilk məzun buraxılışı olub