Brayl nəşrləri informasiya resur mərkəzi
DinləAzərbaycan Gözdən Əlillər Cəmiyyətinin (Az.GƏC) səsyazma studiyası 2000-ci ildən BTİM MMC-nin nəzdində fəaliyyət göstərir. Studiya Böyük Britaniyanın “OXFAM” Beynəlxalq Humanitar Təşkilatının maliyyə yardımı ilə yaradılmışdır. 2000-ci ildən 2005-ci ilin may ayına qədər bu studiya “Danışan Kitabxana” adı altında fəaliyyət göstərmişdir. İlk vaxtlar burada Azərbaycan mətbuatından seçmələr eləcə də məktəb yaşlı uşaqlar üçün kiçik hekayələr lentə alınaraq oxucular arasında yayılırdı.
2002-ci ildə "Exxon Azərbaycan”, 2004-cü ildə isə “Avrasiya” fondunun maliyyə yardımı ilə bədii, elmi-kütləvi nəşrlər lentə alınmışdır.
2017-ci ildə Küveytin Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinin Azərbaycandakı nümayəndəliyi tərəfindən Brayl Nəşrləri İnformasiya Resur Mərkəzinə (BNRİM) müasir standartlara cavab verən nəşriyyat avadanlıqları hədiyyə edilmişdir. Bu avadanlıqlar vasitəsilə nəşriyyatda ölkədə ilk dəfə olaraq daktil (qabarıq) rəsmlərin çapı mümkün olmuşdur. Belə müyəssər formatlı nəşrlərin hazırlanması üçün yaradılmış imkan dünya standartlarına cavab verən müyəssər formatlı nəşrlərin hazırlanmasına imkan yaratmışdır. Yaranmış şəraitdən bəhrələnərək BNRİM Təhsil Nazirliyi tərəfindən elan edilmiş tenderin (görmə imkanları məhdud uşaqlar üçün Brayl üsulu ilə dərsliklərin çapı) qalibi olmuş və hal-hazırda dərsliklərin çapı ilə məşğuldur.
Nəşriyyatda eyni zamanda Mərkəzi Seçki Komitəsinin, Səhiyyə, Mədəniyyət , Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin həmçinin digər dövlət və özəl qurumların sifarişləri icra edilir.
Nəşriyyatda çap edilmiş müyəssər formatlı nəşrlər görmə üzrə əlilliyi olan şəxslər üçün xüsusi müəssisələrə təqdim olunur.