5 nömrəli respublika xüsusi internat məktəbi

5 nömrəli respublika xüsusi internat məktəbi
Dinlə

Azərbaycan Respublikası Təhsil Nazirliyinin  Sağlamlıq İmkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi 1936-cı ildə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən  Bakının “Sovetski” adlanan küçəsində bir evin zirzəmisində 8 nəfər şagirdlə fəaliyyətə başlayıb. Məktəb sonralar Buzovna qəsəbəsində, daha sonra isə 1961-ci ildən hal-hazıra kimi indiki binada  fəaliyyətini davam etdirməkdədir. Müxtəlif illərdə, müxtəlif adlarla fəaliyyət göstərən məktəb 2005-2006-cı illərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Vitse-Prezident Mehriban Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. Məktəbdə görməyənlər üçün səsli komypüter, oxu aparatları, brayl kitablarının hazırlanması üçün mini mətbəə vardır. 

Məktəbin ümumtəhsil proqramı ilə təhsil alan  məzunları öz biliklərini nümayiş etdirərək   ölkənin müxtəlif ali və orta ixtisas məktəblərində təhsillərini  davam etdirmək şansı qazanırlar. Belə ki, onlar Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Texniki Universiteti, Azərbaycan Dillər Universiteti kimi ölkəmizin tanınmış universitetlərinə və Musiqi Gimnaziyası, turizm, kompüter texnologiyası, bank işi, maliyyə-kredit və s. fakültələri olmaqla müxtəlif kolleclərə, həmçinin Tibb kollecinin İdman və müalicəvi  masaj fakültəsinə qəbul olurlar.

Şagirdlər “Qolbol”, “Cüdo” “Xizəksürmə”   növləri üzrə  Respublikada keçirilən, həmçinin  Beynəlxalq  miqyaslı,  Tokioda keçirilən Paraolimpiadada “Üzgüçülük” üzrə  və s.  kimi idman yarışlarında   qalib olmuş və müxtəlif yerlərə layiq görülərək qızıl və gümüş medallar, diplom və hədiyyələrlə geri dönmüşlər. Şagirdlərin cəmiyyətdə inteqrasiyası üçün bədii qiraət, rəsm dərnəyi, dram dərnəyi fəaliyyət göstərir. Eyni zamanda məktəbdaxili tədbirlər, bayramlar və xüsusi günlər müəllim və şagird kollektivi tərəfindən qeyd olunur. 

Məktəbdə həmçinin gecələyən şagirdlər də var. Şagirdlər burada 12 il təhsil alır. Onlar geyim, dərs ləvazimatları, gündə 4 dəfə qidalanma, il ərzində həkim müayinəsi ilə təmin olunur. Dövlət tərəfindən həmçinin hər şagirdə ayda 50 manat məvacib verilir.

Uşaqları əyləndirmək və sevindirmək üçün tez-tez müxtəlif muzey, şənlik, konsert, teatr baxışları, sərgilərə aparılması təşkil olunur.

Əlaqə: +994 12 564-25-27; 
            +994 12 564-72-61.