“Toxunuş və duyğu şəhəri” təqdimatı
“Şəhərlər və görmə məhdudiyyəti olan şəxslərin müyəssərlik problemləri” layihəsi çərçivəsində “Toxunuş və duyğu şəhəri” adlı təqdimat tədbiri keçirilib
19 may 2026-cı il tarixində “Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Şəhərlər və görmə məhdudiyyəti olan şəxslərin müyəssərlik problemləri” layihəsi çərçivəsində “Toxunuş və duyğu şəhəri” adlı təqdimat tədbiri təşkil olunub. Tədbir WUF13 – Dünya Şəhərsalma Forumu çərçivəsində QHT pavilyonunda baş tutub.
Tədbirin əsas məqsədi şəhər mühitində görmə məhdudiyyəti olan şəxslərin qarşılaşdığı əlçatanlıq problemlərinə diqqət çəkmək, müyəssər şəhər infrastrukturunun əhəmiyyətini vurğulamaq, innovativ həll yollarını təqdim etmək və inklüziv şəhərsalma sahəsində ictimai maarifləndirməni gücləndirmək olub.
Tədbirdə çıxış edən ADA Universitetinin Biznes Məktəbinin Hüquq və Biznes üzrə professoru Elnur Eyvazov və WUF13 çərçivəsində yaradılmış əməliyyat təşkilatının müyəssərlik üzrə mütəxəssisi Elman Süleymanov görmə məhdudiyyəti olan şəxslərin informasiya məkanına çıxış imkanlarının genişləndirilməsində süni intellekt texnologiyalarının rolundan, müasir assistiv həllərin abilitasiya və reabilitasiya prosesinə təsirindən, eləcə də gələcək texnoloji inkişaf perspektivlərindən bəhs ediblər.
Çıxışlarda bildirilib ki, WUF13 kimi beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Belə platformalar yerli təşkilatlara öz təcrübələrini beynəlxalq ictimaiyyətlə bölüşmək, şəhərsalma və əlçatanlıq sahəsində dünya təcrübəsini öyrənmək, yeni əməkdaşlıqlar və peşəkar əlaqələr qurmaq imkanı yaradır.
Təqdimat zamanı BDU nəzdində Gənc İstedadlar Liseyinin 10-cu sinif şagirdi, 15 yaşlı Samirə Cəfərli tərəfindən hazırlanmış “Ağıllı taktil yol” və “Tacto Color” layihələri iştirakçılara təqdim edilib.
“Ağıllı taktil yol” layihəsi alternativ enerji və inklüziv şəhərsalma prinsiplərini birləşdirən innovativ həll kimi xüsusi maraq doğurub. Layihədə taktil yol sisteminin günəş enerjisi ilə işləməsi, piyadaların hərəkəti nəticəsində yaranan mexaniki enerjinin elektrik enerjisinə çevrilməsi, şaxtalı hava şəraitində isə alternativ enerji hesabına yol səthinin qızdırılması nəzərdə tutulur. Audio naviqasiya sistemi və taktil istiqamətləndirici elementlər görmə məhdudiyyəti olan şəxslərin, eləcə də digər həssas əhali qruplarının şəhər mühitində daha təhlükəsiz və müstəqil hərəkətinə xidmət edir. İstifadə edilmiş avtomobil şinlərindən hazırlanması isə layihənin ekoloji və davamlı həll modeli kimi dəyərləndirilməsinə səbəb olub.
“Tacto Color” layihəsi çərçivəsində hazırlanmış inklüziv rəngləmə dəsti də tədbir iştirakçılarına təqdim olunub. Görmə məhdudiyyəti olan uşaqlar üçün nəzərdə tutulmuş bu dəst toxunma və hissiyyat əsaslı yanaşmalar vasitəsilə onların yaradıcılıq və öyrənmə bacarıqlarının inkişafına dəstək verir.
Təqdimatda görmə qabiliyyətini itirmiş Pərvin Qasımova tərəfindən əl işi bəzək əşyalarının hazırlanması prosesi canlı şəkildə nümayiş etdirilib, hazırlanan nümunələr qonaqlara hədiyyə olunub.
Layihəyə gənclər tərəfindən böyük maraq göstərildiyi qeyd olunub. Tədbir çərçivəsində 15 nəfər könüllünün layihəyə qoşulduğu bildirilib.
Qeyd olunub ki, Samirə Cəfərlinin görmə məhdudiyyəti olan şəxslərin problemlərinə mühəndislik və əlçatanlıq prizmasından yanaşması, innovativ layihələr hazırlaması və öz yaşıdlarını bu fəaliyyətə cəlb etməsi gənclərin sosial problemlərin həllində fəal iştirak potensialını nümayiş etdirən mühüm nümunələrdən biridir.
Bu təqdimat haqqında hazırlanmış reportaja buradan baxa bilərsiniz.