QƏHRƏMANLIQ NÜMUNƏSİ
.jpeg)
Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi 1 Fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qəhrəmanlıq nümunəsi” layihəsinə start vermişdir.
Sözügedən layihə 6 ay müddətində icra ediləcəkdir. Layihənin əsas məqsədi Qarabağ uğrunda gedən döyüşlər zamanı görmə qabiliyyətini itirmiş şəxslərin ictimaiyyətə tanıdılması və onların qəhrəmanlığının gənc nəsilə nümunə olaraq çatdırılmasından ibarətdir. Layihə çərçivəsində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə, erməni terroru nəticəsində görmə qabiliyyətini itirmiş şəxslərin özləri və ailə üzvləri ilə birgə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmyar Abdullayevin təşkilatçılığı ilə 02.03.2022-ci il tarixdə saat 11.00 görüş keçirilmişdir. Keçirilən görüş zamanı onların döyüş şücaətləri, qəhrəmanlıq xatirələri haqqında məlumat toplanmışdır. Eyni zamanda cəmiyyətə adaptasiya, inteqrasiya və abilitasiya sahələrində mövcud problemləri öyrənilərək aidiyyəti qurumlar qarşısında problemlərin çözümü istiqamətində məsələlərin qaldırılması planlaşdırılmışdır. Görüş zamanı toplanılan məlumat və görüş xatirələrini əks etdirən vətən uğrunda görmə qabiliyyətini itirərək göz işığının itirilməsini bir qəhrəmanlıq nümunəsi olaraq qəbul edən igidlərimiz haqqında Simuzər Ağakişiyevin müəllifliyi ilə “Qəhrəmanlıq nümunəsi” kitabçasının hazırlanması nəzərdə tutulur.
Ölkədə yaşayan görmə üzrə əlilliyi olan hər bir şəxsin sərbəst mütaliə etməsini təmin etmək məqsədilə hazırlanmış kitab audio formatda Brayl və iri şriftlə nəşr ediləcək, layihə başa çatdıqda hazırlanmış kitabın təqdimat tədbiri keçirilərək geniş ictimaiyyətə çatdırılacaqdır.








