Gözümün nuru VƏTƏN layihəsinin təqdimatı keçirildi.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Gözdən Əlillər Cəmiyyətin çəkdiyi növbəti sənədli filmin noyabrın 13-də təqdimat mərasimi keçirilib.
Dövlət Hinmi səsləndiriləndən sonra Qarabağ torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Cəmiyyətin prezidenti Səmyar Abdullayev Beynəlxalq Gözdən Əlillər gününün yaranma tarixindən və həmin təbəqəyə aid olan əlillərin sosial adaptasiya, məşğulluq, problemlərinin həlli və sosial rifahının yaxşılaşdırılması sahəsində görülən işlər barədə məlumat verib, son illərdə 500-ə yaxın cəmiyyət üzvünün mənzillə təmin olunduğunu qeyd edib.
Sonra “Gözümün nuru Vətən” filmi izlənilib. Filmdə gizir Rəhman Nuriyev və Kamran Baxşızadənin keçdiyi döyüş yolu, düşmən hücumunu dəf edərkən göstərdikləri igidlik və qəhrəmanlıqları əks olunub. Oktyabrın 2-də yeddi qəlpə yarası alıb müalicə olunandan sonra yenidən döyüş meydanına can atan Rəhman aldığı yaradan huşunu itirib və 51 gün komada qalandan sonra başının bir hissəsini və gözlərini itirib. Ona “ikinci dəfə döyüşə niyə girdin?” sualı verəndə bircə cümlə ilə cavab verir: “Vətən darda idi...”.
Eyni tale ilə Kamran da üzləşib. O, öz ad günündə-oktyabrın 14-də Suqovuşan istiqamətində gedən döyüşdə əsgər yoldaşları ilə düşmən mövqeyini ələ keçirdikdən sonra qarşıdakı erməni postundan açılan atəş nəticəsində dünya işığından məhrum olub. Minomyot atəşi onun göz bəbəklərini dağıdaraq əllərinə töküb. Kamran əllərini açıb onları toplamağa çalışsa da, heç nəyə nail ola bilməyib. Həkimlər cəsur döyüşçünün üzərində 10 saata yaxın iki əməliyyat apararaq böyük çətinlik bahasına onun həyatını xilas ediblər. Filmin kadrlarında Rəhman həmin günləri xatırlayaraq deyir: “Özüm şəhid olmasam da, gözlərim şəhid oldu...”
Nümayişdən sonra layihənin rəhbəri Reyhan Cəfərova, “Qarabağ qaziləri” İctimai Birliyinin üzvü, jurnalist Rey Kərimoğlu, Xalq artisti Yasin Qarayev və başqaları “Gözümün nuru Vətən” filminin yaradıcı heyətinin işinə yüksək dəyər verib və ekran əsərinin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində oynayacağı müsbət roldan danışıblar.
Filmin izləyiciləri hər iki qəhrəmanı- Rəhman Nuriyev və Kamran Baxşızadəni səhnəyə dəvət edərək salonu gur alqış sədaları altında tərk ediblər.Filmlərə saytımızın kitabxana bölməsindən tiflo filmlər bölməsinə keçid edərək izləyə bilərsiniz.




.jpeg)




