QƏHRƏMANLIQ NÜMUNƏSİ kitabının təqdimat mərasimi keçirilmişdir
Dinləİyulun 5-də Nizami Kino Mərkəzində Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı ilə Simuzər Ağakişiyevanın “Qəhrəmanlıq nümunəsi” bioqrafik kitabının təqdimat mərasimi keçirilib.
Kitab Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin "Qəhrəmanlıq nümunəsi" layihəsi çərçivəsində hazırlanmışdır. Layihənin müəllifi və rəhbəri Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin vitse prezidenti Reyhan Cəfərovadır. Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilib. Layihənin davamlığını təmin etmək məqsədilə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin daxili imkanları ilə bir sıra silsilə tədbirlər təşkil edilir.
Tədbirdə çıxış edən Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev, Vətən müharibəsi qazisi Kamran Baxşızadə, 2020-ci ilin oktyabrında Gəncə şəhərinə atılmış mərminin partlaması nəticəsində gözlərinin nurunu itirən Pərvin Qasımova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, Millət vəkili, Əməkdar rəssam Ülviyə Həmzəyeva, Qarabağ Qazilər Birliyinin mətbuat katibi Rey Kərimoğlu və başqaları qeyd ediblər ki, qısa müddətdə hazırlanan sənədli bioqrafik kitabda 44 gün davam edən haqq savaşında qəhrəmanlıqla döyüşən və Vətənin azadlığı uğrunda öz sağlamlıqlarını qurban verən igidlərin hər birinin həyatı, döyüş yolu və yaralanması barədə ətraflı məlumat verilib. Kitabı vərəqləyən hər kəsin gözü qarşısında müxtəlif yaş kateqoriyalarına məxsus, fərqli ömür yolu olan, lakin bir amal, bir məqsəd uğrunda vuruşan Vətən müdafiəçilərinin portreti canlanır. Oxucu sanki bu qəhrəmanlarla söhbət edir, onların həyat və döyüş hekayətlərini, hiss və duyğularını, torpaqlarımızın düşmən işğalından təmizlənməsi uğrunda onların apardığı mübarizənin səhnələrini onların öz dillərindən eşidir.
Görmə üzrə əlilliyi olanların sərbəst mütaliə etməsini təmin etmək məqsədilə hazırlanmış kitab audio formatda və Brayl şrifti ilə nəşr edilib.
Layihə çərçivəsində hazırlanmış kitablar tədbir iştirakçılarına, kitabların Brayl və audio versiyaları qazilərə və Respublika Gözdən Əlillər Kitabxanasına təhvil verilib.
Qeyd edək ki, Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi bu il fevralın 1-dən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qəhrəmanlıq nümunəsi” layihəsinə start verib. Layihənin əsas məqsədi ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı görmə qabiliyyətini itirmiş şəxslərin ictimaiyyətə tanıdılması və onların qəhrəmanlığının gənc nəslə nümunə olaraq çatdırılmasından ibarətdir. Cəmiyyətin təşəbbüsü və daxili imkanları ilə “Qəhrəmanlıq nümunəsi” kitabının qəhrəmanları haqqında qısametrajlı filmlərin çəkilişinə başlanılıb. Filmlərdən ibarət qısa təqdimat çarxı hazırlanaraq tədbirdə təqdim edilib.
Fotolar Genc Tamaşaçılar Teatrının fotoqrafı Əli Əliyev tərəfindən çəkilib.