AzGƏC-in təşəbbüsü ilə 44 günlük Vətən müharibəsində hər iki gözünü itirmiş qazi Rəhman Nuriyevin yubileyi keçirilib

Yubiley tədbiri Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı və Kürdəmir rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.
Tədbirdə ictimaiyyət nümayəndələri ilə yanaşı, Kürdəmir rayon icra hakimiyyətinin Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, ASAN xidmətin rəhbəri Ruslan Muradov, “ARB Günəş” televiziya kanalının rəhbəri Məhsim Məhsimov, Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrının aktyor heyəti, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin rəhbəri Səmyar Abdullayev və işçi heyəti, mədəniyyət xadimləri, onlarla qazi və Rəhman Nuriyevlə çiyin-çiyinə vuruşan döyüş yoldaşları iştirak ediblər.
30 yaşını qeyd edən qazi Rəhman Nuriyevə həsr olunmuş film nümayiş olunub. Film Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən gözünü vətənin azadlığı uğrunda itirən onlarla qazi və veteranlara həsr olunan silsilə filmlərdən biri, “Gözümün nuru Vətən” adlanır.
Tədbirin aparılıcılığı filmin müəllifi olan Gənc Tamaşaçılar Milli Teatrının aktrisası Simuzər Atakişiyevaya həvalə edilib.
Tədbirdə Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxış edərək cəmiyyətin göz işığını itirmiş qazilərə hər zaman böyük diqqət və qayğı ilə yanaşırdığını və daim öz dəstəyini göstərməyə hazır olduğunu bildirib. Həmçinin, Rəhman Nuriyevə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən Fəxri Fərman təqdim edilib.
Ölkəmizin tanınmış mədəniyyət nümayəndələri çıxış ediblər. Respublikanın Əməkdar artisti İlham Əsədov, Gülər Nəbiyeva, Aygün Fətullayeva vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Qeyd edək ki, 44 günlük uğurlu döyüş əməliyyatının qəhrəmanlarından biri olan Rəhman Nuriyev 1993-cü ildə zəhmətkeş ailədə dünyaya gəlib. 2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi sahəyə marağı onu Qarabağda hərbi hissələrdən birində gizir kimi xidmətə başlaması ilə nəticələnib.
Erməni təxribatı zamanı o, düşmənlə üz-üzə olan hərbi hissədə idi. Sentyabrın 27-də əks-hücum əməliyyatının ilk anlarından baş gizir kimi döyüşə atılıb.
Ermənistan ordusunun uzun illərdən bəri torpaqlarımızda qurduğu “keçilməz istehkamları” yarıb keçənlər sırasında döyüşən Rəhman Talış, Suqovuşan istiqamətlərindəki ağır döyüşlərdə Azərbaycan əsgərinə xas olan yüksək döyüşçü ruhu və bacarığı ilə seçilib.
Baş gizir Rəhman Nuriyev bir neçə dəfə yaralanıb, lakin yaraları yüngül olduğu üçün hospitala getməyib, yenidən döyüşə atılıb. Müharibənin onuncu günü o, partlayış nəticəsində çoxsaylı qəlpə yarası alıb və Bərdə rayonundakı hospitala gətirilib. Həkimlərin səyi ilə Rəhman xilas etmək olub.




.jpeg)




