Şəkidə əlilliyi olan uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb

Şəkidə əlilliyi olan uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb
Dinlə

Şəki, 01 iyun 2026

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" layihəsi çərçivəsində Şəki şəhərində Sosial Reabilitasiya Mərkəzi 01 iyun 2026-cı il tarixindən fəaliyyətə başlayıb. Layihənin icrası 30 dekabr 2026-cı il tarixinədək davam edəcək.

Layihə "Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilir və əsas məqsədi Şəki şəhərində yaşayan 50 nəfər əlilliyi olan uşaq və yeniyetməyə dövlət vəsaiti hesabına ödənişsiz, keyfiyyətli və əlçatan sosial reabilitasiya xidmətlərinin göstərilməsidir.

Mərkəzdə psixoloq, loqoped, sosial pedaqoq və sosial işçidən ibarət peşəkar komanda fəaliyyət göstərir. Hər bir benefisiar üçün fərdi qiymətləndirmə aparılır, ehtiyaclarına uyğun fərdi inkişaf və reabilitasiya proqramı hazırlanır və bu proqram əsasında fərdi və qrup məşğələləri təşkil edilir.

Mərkəz nitq, psixoloji, sosial və idrak inkişafı ilə yanaşı, uşaqların fiziki inkişafını, motor bacarıqlarını, sosiallaşmasını və gündəlik həyat vərdişlərini inkişaf etdirməyə yönəlmiş müasir təlim və reabilitasiya vasitələri ilə tam təmin olunub. Burada görmə, eşitmə, nitq və dayaq-hərəkət məhdudiyyəti olan, autizm spektr pozuntusu, Daun sindromu və digər inkişaf xüsusiyyətlərinə malik uşaqlara fərdi yanaşma əsasında xidmət göstərilir.

Layihənin ilk mərhələsində valideynlərlə fərdi görüşlər keçirilərək uşaqların ehtiyacları qiymətləndirilib, əməkdaşlıq müqavilələri imzalanıb və 50 benefisiarın layihədə iştirakı rəsmiləşdirilib. İyun ayı ərzində ilk 10 nəfər uşaq reabilitasiya məşğələlərinə cəlb olunub, onların inkişaf dinamikası qiymətləndirilib və növbəti mərhələdə qrup məşğələlərinə keçid planlaşdırılıb.

Mərkəzdə reabilitasiya prosesi yalnız uşaqlarla məhdudlaşmır. Valideynlərlə davamlı əməkdaşlıq qurulur, onlara məsləhətlər verilir və uşaqların inkişafını ev şəraitində dəstəkləmək üçün tövsiyələr təqdim olunur. Bu yanaşma reabilitasiya prosesinin davamlılığını və effektivliyini artırır.

Layihənin əsas məqsədi əlilliyi olan uşaqların sosial bacarıqlarını, ünsiyyət və özünəxidmət vərdişlərini inkişaf etdirmək, onların cəmiyyətə inteqrasiyasını gücləndirmək, gələcək təhsil və məşğulluq imkanlarını genişləndirmək, eyni zamanda ailələrin sosial və maliyyə yükünü azaltmaqdır.

Layihə haqqında qısa məlumat

  • Layihə: "Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili"
  • İcraçı təşkilat: "Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək" İctimai Birliyi
  • Maliyyələşdirən qurum: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi
  • Layihənin icra müddəti: 01 iyun – 30 dekabr 2026
  • Fəaliyyət ərazisi: Şəki şəhəri

Benefisiarlar: 50 nəfər əlilliyi olan uşaq və yeniyetmə.