“Rəngləri hiss et!” – Görmə məhdudiyyətli uşaqlar üçün ilk taktil rəngləmə dəsti təqdim olundu

“Rəngləri hiss et!” – Görmə məhdudiyyətli uşaqlar üçün ilk taktil rəngləmə dəsti təqdim olundu
Dinlə

Bakı, 2025 – Görmə məhdudiyyəti olan uşaqların yaradıcılıq və təsəvvür bacarıqlarını inkişaf etdirmək məqsədilə hazırlanmış “TactoColor” adlı sosial layihənin təqdimatı keçirilib. Layihə SASMO Azərbaycan təşkilatının təşkilati dəstəyi, həmçinin Azərbaycan Gözdən Əlillər Cəmiyyəti və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin iştirakı ilə həyata keçirilib.

Layihənin müəllifi və icraçısı – Samira Cəfərli, BDU nəzdində Gənc İstedadlar Liseyinin 10-cu sinif şagirdi, beynəlxalq layihə və musiqi müsabiqələrinin qalibidir. Layihənin ideyası Samiranın 5 yaşında ikən görmə məhdudiyyətli uşaqlarla ünsiyyət zamanı onların rəngləri tanımadıqlarını müşahidə etdikdə yaranıb.

On il sonra bu uşaqlara kömək etmək arzusu reallığa çevrilib. Layihənin icrası Samiranın şəxsi əşyalarının satışından əldə etdiyi gəlir hesabına mümkün olub. Gənc müəllif bu gəliri layihənin hazırlanmasına yönəldərək, uşaqlar üçün tamamilə yeni tip taktil rəngləmə dəsti yaradıb.

Samiranın sözlərinə görə:

“Bu uşaqlar üçün rəngləri hiss etmək bir vaxtlar mənim arzuma çevrilmişdi. İndi isə bu arzu gerçəklikdir – onların gülümsəməsi mənim üçün ən böyük uğurdur.”

Layihənin məqsədi – uşaqlara rəngləri “toxunaraq hiss etmə” imkanı vermək, həmçinin onların oxuma, yazma və idrak bacarıqlarını inkişaf etdirməkdir.

“TactoColor” çərçivəsində:

Taktil konturlu rəngləmə səhifələri hazırlanıb;

Braille əlifbası və iri şriftli yazılar əlavə olunub;

12 taktil rəng qələmi fərqli relyef nişanlarla dizayn edilib ki, uşaqlar toxunaraq rəngləri ayırd edə bilsin;

Rəngləmə prosesi zamanı uşaqlara könüllülər fərdi şəkildə dəstək göstəriblər.

Layihənin ilk təqdimatı 15 oktyabr 2025-ci il tarixində BDU nəzdində Gənc İstedadlar Liseyində baş tutub. Tədbirdə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin 8 görmə məhdudiyyətli şagirdi iştirak edib. Tədbir SASMO Azərbaycanın təşkilati dəstəyi və 9 könüllünün iştirakı ilə keçirilib.

Tədbirin sonunda uşaqlara rəngləmə dəstləri hədiyyə edilib. Bundan əlavə, SASMO Azərbaycan komandası uşaqlara 3D fiqurlarla rəngləmə dəsti təqdim edib.

Layihə məktəb rəhbərliyi tərəfindən böyük maraqla qarşılanıb. 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbi bu cür taktil və inklüziv vəsaitlərin sayının artırılması ilə bağlı rəsmi müraciət edib.

Hazırda SASMO Azərbaycan layihənin dayanıqlılığının təmin olunması və daha çox uşağın bu imkanlardan yararlanması üçün yeni əməkdaşlıqların qurulması istiqamətində fəaliyyət göstərir.

“TactoColor” layihəsi inklüziv təhsilin inkişafına, bərabər imkanların yaradılmasına və görmə məhdudiyyətli uşaqların sosial inteqrasiyasına mühüm töhfə verir.