🏅 Paralimpiya oyunlarında zirvəyə yüksəldi!
Azərbaycan paraatleti Arabova Ayşə Yusif qızı böyük uğura imza atıb. O, paralimpiyaçılar arasında keçirilən Yüngül atletika üzrə yarışlarda fərqlənərək 1-ci yerə layiq görülüb.
Bu yaxınlarda Türkiyənin İstanbul şəhərində 33 ölkənin iştirakı ilə təşkil edilən Avropa Gənclər Paralimpiya Oyunlarında Ayşə birinci yeri qazanaraq qızıl medalın sahibi olub. Gənc idmançı Azərbaycan bayrağını qürurla yüksəklərə qaldıraraq ölkəmizin himnini səsləndirib və beynəlxalq arenada ölkəmizə böyük qürur yaşadıb.
Ayşə Arabova idmana uşaqlıq illərindən xüsusi maraq göstərib. 5 yaşından gimnastika ilə məşğul olmağa başlayıb, 2022-ci ildən isə yüngül atletika üzrə fəaliyyətini davam etdirir. İlk beynəlxalq yarışında birinci yeri tutaraq uğur qazanan Ayşə qısa müddətdə paraidman sahəsində böyük nailiyyətlər əldə edib.
İdmana olan sevgisi ilə yanaşı, Ayşə musiqiyə də maraq göstərir. O, pianoda müxtəlif bəstələri yüksək peşəkarlıqla ifa edir və bir sıra milli müsabiqələrin qalibi olub.
Hazırda Ayşə Azərbaycan, rus, ingilis və alman dillərində sərbəst danışır. Onun əsas məqsədi Paralimpiya üzrə dünya çempionu olmaq və Azərbaycanı beynəlxalq arenada daha da layiqincə təmsil etməkdir.