Səmyar Abdullayevdən Azərbaycan Respublikası Prezienti cənab İlham Əliyevə Məktub

Səmyar Abdullayevdən Azərbaycan Respublikası Prezienti cənab İlham Əliyevə Məktub
Dinlə

Hörmətli cənab Prezident.

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin hər bir üzvü Sizin siyasi yolunuzu yaxından izlədiyini, bəyəndiyini və tərəfinizdən qəbul edilən bütün siyasi-iqtisadi islahatları dəstəklədiyini ərz edir. Cəmiyyətimiz Azərbaycan Respublikasının vətəndaşlarının sosial rifahı naminə Sizin tərəfinizdən həyata keçirilən çoxşaxəli inkişaf strategiyasını alqışlayır və böyük fəxarət hissi ilə qarşılayır.

İstər Ali Baş Komandan kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qət etdiyiniz 44 günlük Zəfər yolunda, istərsə də azad olunmuş torpaqlarda aparılan yenidənqurma işləri və inkişaf dinamikası Sizin parlaq siyasi yolunuzun təzahürüdür. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin rəhbərliyi bu yolda hər bir üzvü ilə daim Sizin yanınızda olduğu üçün qürur hissi keçirdiyini bildirir. Sizin dünya arenasında nüfuzunuz və ölkəmizin inkişaf etmiş ölkələr sırasında tanınaraq güclü dövlətə çevrilməsi artıq bütün dünya sivilizasiyasında qəbul edilmiş həqiqətdir.  

Sizin tərəfinizdən əlil kontingentə, xüsusilə gözdən əlil insanlara göstərilən xüsusi diqqət və ehtirama görə yüzlərlə gözdən əlil üzvlərimizin təşəkkürlərini və sonsuz minnətdarlıqlarını xüsusilə diqqətinizə çatdırırıq. Bu gün məhz Sizin göstərişləriniz əsasında gözdən əlil vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində qəbul edilmiş sosial inkişaf platforması yüzlərlə gözdən əlil ailənin yaşayış standartlarının və sosial-iqtisadi rifah halının yüksəlişinə səbəb olmuşdur. Bu ədalətli və humanist platforma sayəsində uzun illərdir mənzil şəraitsizliyindən əziyyət çəkən və ev almağa heç ümidi belə olmayan yüzlərlə gözdən əlil ailə artıq işıqlı və isti ev şəraiti ilə təmin olunmuş və yaxın gələcəkdə də təmin olunacaq. Bütün bunlar Sizin və Mehriban xanım Əliyevanın hər bir gözdən əlil vətəndaşın sosial həyatında əlahiddə diqqətinin təzahürüdür. Hər bir Cəmiyyət üzvü bu diqqəti hiss edir və bu diqqət onların gələcək həyat yolunda qaranlığa doğan günəş kimi işıq saçır.

Hörmətli cənab Prezident, bir daha bütün Cəmiyyət üzvləri adından Sizə və ailə üzvlərinizə cansağlığı, uzun ömür və ümmanlar qədər nəhayətsiz xoşbəxtlik arzu edirəm.

Cəmiyyətimizin hər bir üzvü Sizinlə fəxr edir.

Hörmətlə,

Səmyar Abdullayev

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin prezidenti

Azərbaycan Respublikası, Bakı şəhəri.