Görmə üzrə əlilliyi olan tələbələrlə görüş keçirilib
Beynəlxalq Gözdən Əlillər Günü hər il 13 noyabr tarixində qeyd olunur və görmə üzrə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının, bərabər imkanlarının və sosial müdafiəsinin vacibliyini xatırladır. Bu gün Birləşmiş Millətlər Təşkilatının “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası nda təsbit olunmuş prinsiplərə — inklüzivlik, müyəssərlik, iştirak və bərabər hüquqlara — əsaslanır.
Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin rəhbərliyi görmə üzrə əlilliyi olan tələbələrlə görüş keçirib.Görüşdə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxış edərək, son illərdə görmə üzrə əlilliyi olan şəxslərin sosial problemlərinin həlli istiqamətində görülən işlər, dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq, eləcə də təhsil, məşğulluq və müyəssər mühitin yaradılması sahəsində həyata keçirilən layihələr barədə məlumat verib.
O qeyd edib ki, Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə inklüziv siyasət uğurla davam etdirilir, görmə imkanları məhdud şəxslərin mənzil təminatı, təhsili və istedadlarının inkişafı istiqamətində dövlət dəstəyi güclənib.
Səmyar Abdullayev, həmçinin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası”nın 9-cu maddəsinə istinad edərək vurğulayıb ki, “müyəssərlik hüququ” əlilliyi olan şəxslərin cəmiyyət həyatında tam və bərabər iştirakını təmin edən əsas amillərdəndir. O bildirib ki, bu istiqamətdə Cəmiyyət artıq “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC, TƏBİB və Dövlət Şəhərsalama və Arxitektura Komitəsi ilə əməkdaşlığa başlayıb.
Görüş zamanı tələbələrin problemləri və təklifləri dinlənilib, bu təkliflər əsasında Cəmiyyət tərəfindən aidiyyəti dövlət qurumlarına təqdim ediləcək təkliflər paketi hazırlanıb.
Görmə üzrə əlilliyi olan tələbələrin səsləndirdiyi əsas təkliflər bunlardır:
- Metro stansiyaların və inzibati binaların istiqamətverici taktil xətlərlə təchiz edilməsi.
- İşıqforların müyəssərliyinin təmin edilməsi, xüsusilə paytaxtın mərkəzi küçələrində səslə xəbərdarlıq edən sistemlərin quraşdırılması və görmə üzrə əlilliyi olan şəxslərin təhlükəsiz hərəkəti üçün şəraitin yaradılması.
- Ümumtəhsil və ali təhsil müəssisələrində görmə üzrə əlilliyi olan mütəxəssislərin spiker qismində çıxış etdiyi seminarların təşkili, bu yolla cəmiyyətin məlumatlandırılması və qarşılıqlı inteqrasiyanın gücləndirilməsi.
- Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış və qəbul imtahanlarında I və II qrup görmə üzrə əlilliyi olan şəxslərə köməkçi şəxslə yanaşı, vaxt uzadılması imkanının da tətbiqi.
- Dərsliklərin və bədii ədəbiyyat nümunələrinin müyəssər formatda (Brayl, audio və elektron) nəşrlərinin artırılması, eləcə də ali və orta ixtisas təhsil müəssisələrində müyəssər formatlı ədəbiyyatdan istifadə imkanlarının genişləndirilməsi.
- Bank sistemi, ASAN xidmət, notariuslar və digər xidmət sahələrində sənədlərin müyəssər formatda təqdim olunması, yəni görmə üzrə əlilliyi olan şəxslərin müstəqil şəkildə maliyyə və hüquqi əməliyyatlar apara bilməsi üçün şərait yaradılması.
- Təkərli ağ əsa (əl ağacı) ilə təminatın genişləndirilməsi, bu vasitələrin həm dövlət, həm də ictimai təşkilatlar tərəfindən əlçatan edilməsi.
Görüşdə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova, Bakı şəhər təşkilatının sədri Tofiq Balayev və köməkçi Ülvi Məmmədov da iştirak edərək tələbələrin suallarını cavablandırıblar.
Tədbir səmimi və müzakirə dolu atmosferdə, süfrə arxasında davam etdirilib.