Balakəndə əlilliyi olan uşaqlar üçün ödənişsiz sosial reabilitasiya xidmətləri göstəriləcək

Balakəndə əlilliyi olan uşaqlar üçün ödənişsiz sosial reabilitasiya xidmətləri göstəriləcək
Dinlə

Balakən, iyun 2026

Balakən rayonunda əlilliyi olan uşaqların reabilitasiya xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə yeni Sosial Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb. Mərkəz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində yaradılıb və 01 iyun 2026-cı il tarixindən 30 dekabr 2026-cı il tarixinədək fəaliyyət göstərəcək.

Layihənin icraçısı "Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək" İctimai Birliyidir. Layihə çərçivəsində Balakən rayonunda yaşayan 50 nəfər əlilliyi olan uşaq və yeniyetmənin tam ödənişsiz şəkildə sosial reabilitasiya xidmətləri ilə əhatə olunması nəzərdə tutulur.

Mərkəzdə uşaqların fərdi ehtiyaclarına uyğun kompleks reabilitasiya proqramları hazırlanır. Psixoloq, loqoped, sosial pedaqoq və sosial işçidən ibarət mütəxəssis komandası tərəfindən nitq inkişafı, psixoloji dəstək, sosial adaptasiya, idrak və motor bacarıqlarının inkişafına yönəlmiş fərdi və qrup məşğələləri keçirilir. Reabilitasiya prosesi mütəxəssislərin qarşılıqlı əməkdaşlığı əsasında təşkil olunur ki, bu da uşaqların inkişafında daha davamlı nəticələrin əldə edilməsinə imkan yaradır.

Balakən Sosial Reabilitasiya Mərkəzinin üstün cəhətlərindən biri geniş, yaşıllıqlarla əhatə olunmuş həyətə malik olmasıdır. Həyətdə uşaqların açıq havada asudə vaxt keçirməsi, fiziki aktivliyinin artırılması və sosial bacarıqlarının inkişaf etdirilməsi üçün müxtəlif oyun elementləri, idman qurğuları və reabilitasiya avadanlıqları quraşdırılıb. Bu imkanlar həm fərdi, həm də kiçik qruplar şəklində təşkil olunan məşğələlərin daha səmərəli keçirilməsinə şərait yaradır.

Layihənin ilk mərhələsində benefisiar ailələri ilə görüşlər keçirilib, uşaqların ehtiyacları qiymətləndirilib və hər biri üçün fərdi inkişaf planı hazırlanıb. İyun ayında ilk 10 nəfər uşaq reabilitasiya proqramına cəlb olunub, onların inkişaf göstəriciləri mütəmadi izlənilir və növbəti mərhələdə qrup məşğələlərinə inteqrasiyası təmin ediləcək.

Layihə çərçivəsində valideynlərlə də davamlı əməkdaşlıq həyata keçirilir. Onlara uşaqların inkişafının ev şəraitində dəstəklənməsi ilə bağlı metodiki tövsiyələr verilir, reabilitasiya prosesində ailələrin fəal iştirakı təşviq olunur. Bu yanaşma əldə olunan nəticələrin daha dayanıqlı olmasına xidmət edir.

Reabilitasiya xidmətlərinin göstərilməsində əsas məqsəd əlilliyi olan uşaqların müstəqil həyat bacarıqlarını inkişaf etdirmək, onların cəmiyyətə inteqrasiyasını sürətləndirmək və ailələrin keyfiyyətli sosial xidmətlərə əlçatanlığını artırmaqdır. Layihə regionda inklüziv sosial mühitin formalaşmasına mühüm töhfə verməyi hədəfləyir.

Layihə haqqında qısa məlumat

  • Layihənin adı: "Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili"
  • İcraçı təşkilat: "Qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək" İctimai Birliyi
  • Maliyyələşdirən qurum: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi
  • İcra müddəti: 01 iyun – 30 dekabr 2026
  • Fəaliyyət ərazisi: Balakən rayonu

Benefisiarlar: 50 nəfər əlilliyi olan uşaq və yeniyetmə.