Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Prezident İlham Əliyevi təbrik edib
“Cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizi prezident seçkilərində parlaq qələbə əldə etməyiniz münasibətilə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti adından təbrik edir, sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. 7 fevral seçkilərinin nəticəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı sizi sevir, öz gələcəyini sizə etibar etməklə müzəffər liderinə böyük etimad göstərir. Təbii, xalqın sizə olan bu böyük sevgisinin, bu dərin etimadının kökündə mühüm səbəblər dayanır.
Son 20 ildə ölkəmizin ictimai-siyasi, iqtisadi və hərbi həyatında baş verən proseslər sübut etdi ki, siz xalqın arzu və istəklərini reallığa çevirməyə, xalqı arzusunda olduğu gələcəyə aparmağa, ona yüksək sosial rifah, sülh və əmin-amanlıq bəxş etməyə qadirsiniz. Azərbaycan Silahlı Qüvvələrinin sizin rəhbərliyiniz altında 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq zəfər, ərazi bütövlüyümüzün təmini xalqımızın və dövlətimizin həyatında yeni, işıqlı bir dönəmin başlanmasını təmin etdi. Bu gün vətəndaşlarımızın Bakı, Şəki, Naxçıvan, Lənkəran və s. kimi şəhərlərlə yanaşı, həm də Xankəndi, Şuşa, Laçın, Füzuli, Zəngilan və digər işğaldan azad edilən ərazilərimizdə səs verməsi sizin böyük siyasətçi, bacarıqlı sərkərdə kimi böyüklüyünüzdən xəbər verir. Məhz bu səbəbdən də xalq öz müzəffər liderinə səs verməklə bu seçkiləri tarixə zəfər seçkiləri kimi daxil etdi. Seçkilərin nəticəsi sübut etdi ki, bu, sadəcə sizin deyil, bütün xalqın – dünya azərbaycanlılarının qələbəsidir.
Cənab Prezident!
İnanırıq ki, sizin liderliyiniz altında Azərbaycan Respublikası yaxın illərdə bütün sahələrdə yeni müvəffəqiyyətlərə imza atacaq, inkişaf və tərəqqi yolunda böyük məsafələr qət edəcək. Əmin ola bilərsiniz ki, ölkəmizin çiçəklənməsi uğrunda apardığınız mübarizədə Azərbaycan xalqı hər zaman olduğu kimi bundan sonra da sizin yanınızda olacaq, hər bir çağırışınıza bütün qəlbi ilə səs verəcək.
Bir daha sizi qələbə münasibətilə təbrik edir, Cəmiyyətimizin hər bir üzvü adından uğurlar arzulayıram”




.jpeg)




