Görmə əlilliyi olan 18 yaşınadək olan uşaqlar üçün bayram şənliyi təşkil edilib

“Qayğıya Ehtiyacı Olan Şəxslərə Sosial Dəstək” və Gözdən Əlillər Cəmiyyəti İctimai birlikləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin sifarişi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar üçün bayram tədbirlərinin təşkili müsabiqəsi çərçivəsində keçirilib.
Tədbirdə Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxış edərək tədbir iştirakçılarını bu il uzun illərdən sonra ölkəmizin bütün ərazisində suverenliyini bərqərar etməsi və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.
Bayram şənliyində gözdən əlil uşaqlar üçün müyəssər oyun və şou proqramlarla yanaşı, yemək və şirniyyat süfrəsi, eləcə də hədiyyələr təqdim edilib. Bayram tədbirini musiqi proqramı müşayiət edib, gözdən əlil uşaqlar tədbir boyu işıqları sayrışan yaşıl yolkanın ətrafında oxuyub, rəqs edib və əyləniblər.
Şənlikdə ümumən üç yüz uşaq və onları müşayiət edən valideynlər iştirak ediblər.
Qeyd edək ki, paytaxtla yanaşı ayrı-ayrı bölgələrdə də - Zaqatala, Şəki, Qax, Balakən, Quba, Xaçmaz, Şabran və Qusar rayonlarında yaşayan görmə üzrə əlilliyi olan 18 yaşadək uşaqlar üçün silsilə bayram şənlikləri təşkil edilməsi nəzərdə tutulub. Həmin bölgələrdən görmə imkanları məhdud olan uşaqların da bayram şənliyində iştirakı təmin ediləcək və hər bir uşaq üçün müyəssər şərait yaradılacaq.
Həmin kateqoriyadan olan uşaqlar üçün növbəti bayram şənlikləri Zaqatala rayonunda “Tala Rooms” istirahət mərkəzində və Quba rayonunda “Şane Quba Hotel” istirahət mərkəzində təşkil ediləcək.





.jpeg)




