Səmyar Abdullayev- "Ulu Öndərin sosial sahədə başladığı yol bu gün uğurla davam etdirilir"

Səmyar Abdullayev- "Ulu Öndərin sosial sahədə başladığı yol bu gün uğurla davam etdirilir"
Слушать

 

ƏTRAFLI

Ulu Öndər, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsi bu gün hər kəs tərəfindən böyük hörmət və ehtiramla xatırlanır, onun xeyirxahlıq və mərhəmət dolu əməlləri yad edilir. Dahi və müdrik şəxsiyyətin cəmiyyətin həssas təbəqələrinə göstərdiyi diqqət və qayğı, həyata keçirdiyi sosial tədbirlər xüsusilə böyük rəğbət doğurur.

 Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev mərhum dövlət başçısı tərəfindən başlanılan həmin tədbirlər haqqında danışaraq deyib: “Birmənalı şəkildə qeyd etmək lazımdır ki, Azərbaycanda sosial dövlət modelinin banisi xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Məhz onun səyi və rəhbərliyi altında müstəqilliyimizin ilk illərindən etibarən həmin modelin formalaşdırılması sahəsində mühüm addımlar atılmağa başlayıb. Vətəndaşların sosial rifahının yüksəldilməsini dövlət başçısı kimi əsas məqsədlərindən biri hesab edən Heydər Əliyev həssas kateqoriyadan olan şəxslərə - sağlamlıq imkanı məhdud şəxslərə, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara xüsusi qayğı göstərib. Onların problemlərinin həlli istiqamətində sistemli addımlar atıb.

Xüsusilə qeyd etməyə dəyər ki, Heydər Əliyev cəmiyyətin həssas kateqoriyasına mənsub insanlara bu qayğını çox çətin hərbi-siyasi dönəmdə - maddi imkanların kəskin məhdudluğu şəraitində həyata keçirirdi. Bir tərəfdən Ermənistanın işğalçılıq siyasətinə qarşı hərbi və siyasi cəbhədə mübarizə aparan, digər tərəfdən müstəqilliyimizi möhkəmləndirmək üçün çevik diplomatiya həyata keçirən Heydər Əliyev, eyni zamanda, sosial dövlət modelini formalaşdırır, vətəndaşların daha yaxşı yaşaması üçün bütün imkanlardan maksimum istifadə edirdi. Bu, müasir tariximizin böyük və qürurverici həqiqətlərindən biridir.

Ulu Öndərin əlillər, şəhid ailələri, qayğıya möhtac vətəndaşlarla bağlı yürütdüyü siyasət, onlara olan humanist yanaşması cəmiyyət üçün mənəvi və psixoloji baxımdan da ciddi mesaj idi. Heydər Əliyev ortaya qoyduğu dövlət siyasəti ilə cəmiyyət üzvlərinə, eləcə də hər bir fərdə belə bir mesaj verirdi ki, həssas kateqoriyadan olan vətəndaşlara qayğıkeş münasibət, onların problemlərinin həllinə yardım hər bir vətəndaşın mənəvi borcudur. Dahi şəxsiyyətin bu yanaşması Azərbaycan xalqının çoxəsrlik milli-mənəvi dəyərlər sistemi ilə də tam uzlaşır, o cümlədən həmin dəyərlərin qorunmasına xidmət edirdi. Xalqımızın xarakterində kök salan köməyə ehtiyacı olan insanlara yardım, darda qalana kömək etmək, çətin məqamda həmrəylik nümayiş etdirmək kimi dəyərlər ulu öndər Heydər Əliyev siyasətinin ana xəttini təşkil edir və cəmiyyəti də bu ruhda kökləyirdi. Onun apardığı sosial siyasət, həm də mənəvi baxımdan mühüm əhəmiyyət kəsb edirdi”.

Azərbaycandakı sosial dövlət modelinin bugünkü vəziyyəti haqqında danışan həmsöhbətimiz deyib: “Azərbaycandakı müasir sosial dövlət modeli, sadəcə, region dövlətləri deyil, bütün dünya üçün nümunədir. Bu model, sadəcə, cəmiyyətin müəyyən kateqoriyalarının deyil, onun hər bir fərdinin sosial rifahının yaxşılaşdırılmasına yönələn əlahiddə bir siyasətdir. Həmin modelin nə qədər effektiv və səmərəli olduğunu anlamaq üçün bəzi rəqəmlərə nəzər salmaq kifayətdir. Təkcə bir faktı göstərmək lazımdır ki, Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Bundan başqa, müavinət və təqaüdlərin məbləği orta hesabla 92 faiz, əmək pensiyasının minimum məbləği 72 faiz, büdcə təşkilatlarında çalışanların əməkhaqqı orta hesabla 50 faiz artırılıb. 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqı 39 faiz, əmək pensiyalarının orta məbləğində 60 faiz, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün orta məbləğində isə 2,2 dəfə artım olub. Azərbaycan dövləti vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir.

Mövcud sosial model yaxın gələcək üçün də böyük perspektivlər, böyük nəticələr vəd edir. Bunu görülən işlərin miqyası, dövlətimizin bu sahədəki prinsipiallığı da təsdiq edir. Bir məqamı da qeyd edim ki, müavinət və təqaüdlərin miqdarında da ciddi artımlar baş verib və bu artım əlilliyi olan şəxsləri də əhatə edib, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə I dərəcə üzrə müavinətlər 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə isə 2,3 dəfə artırılıb. Ümumi səbəbdən birinci dərəcəli əlilliyi olanlara müavinətlərlə yanaşı, 130 manat məbləğində Prezidentin aylıq təqaüdü də verilir. Müharibə əlilləri də dövlətimizin daim diqqət mərkəzindədir və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Müharibə, hərbi xidmət və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara I dərəcəyə görə 400 manat, II dərəcəyə görə 350 manat, III dərəcəyə görə 300 manat məbləğində Prezidentin aylıq təqaüdü ödənilir. Əlillərlə yanaşı, onlara qulluq edən şəxslərin də təqaüdündə artım baş verib. Belə ki, birinci qrup əlillərə qulluq üçün Prezidentin aylıq təqaüdü 60 faiz artırılaraq 80 manata çatdırılıb. Əlbəttə, bütün bunlar ölkəmizdə sosial dövlət modelinin əks etdirən konkret nümunə və faktlardır”.

Cəmiyyət sədrinin dediyinə görə, dövlət başçısının tapşırıq və tövsiyəsindən irəli gələn məsələlərin həlli sahəsində mühüm addımlar atılır və həmin tapşırıqların icrasına həssaslıqla yanaşır: “Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi bəzi layihələr xüsusilə təqdirəlayiqdir. Məlumat üçün qeyd edim ki, təkcə bu il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi xüsusi qayğıya ehtiyac duyan şəxslərin reabilitasiyayönümlü sosial xidmətlərlə təminatı üzrə 150-dən çox layihə həyata keçirməyi nəzərdə tutub. Layihələr qayğı və icma əsaslı reabilitasiya mərkəzlərinin də yaradılması, müvafiq kateqoriyalardan olan şəxslərə sosial-psixoloji, nevroloji, pedaqoji və s. xidmətlər, habelə hüquqi məsləhət xidmətləri göstərilməsi kimi məsələləri əhatə edir. Sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi, onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması, autizm eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara reabilitasiya xidmətlərinin göstərilməsi, övladlığagötürmə, insan alverinə qarşı mübarizə və s. ilə əlaqədar təbliğat məqsədli layihələrin icrası da nəzərdə tutulur.

Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluq xidmətlərinin icrasında həssas əhali qruplarına, o cümlədən gözdən əlil vətəndaşlara da üstünlük verilir. Qeyd edək ki, 2021-ci ildə 1348 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub. Agentlik tərəfindən ötən il 2850 əlilliyi olan şəxs əmək müqaviləsi əsasında münasib işlərlə təmin edilib. 6 mindən çox işsiz şəxs layihə üzrə biznes təlimlərə cəlb edilib və onların 1033-ü şəhid ailəsi üzvü və müharibə iştirakçısıdır. Vətəndaş müraciətlərinin çevik şəkildə cavablandırılması, hər bir müraciətin ətraflı şəkildə araşdırılması da nazirliyin fəaliyyətinə xas mühüm xüsusiyyətlərdən biridir. Ona görə də əminliklə söyləmək olar ki, yaxın gələcəkdə də vətəndaş məmnunluğunun təmin olunması üçün lazımi tədbirlər görüləcək, dövlət başçısının sosial sahədə qarşıya qoyduğu vəzifə və tapşırıqların yerinə yetirilməsi layiqincə yerinə yetiriləcək”.